“Caspian Energy Club Kyrgyzstan” ilk B2G forum təşkil edib

Bakı, 27 fevral, AZƏRTAC
Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrin genişləndirmək məqsədi ilə “Caspian Energy Club Kyrgyzstan” Qırğızıstanın paytaxtı Bişkekdə ilk tədbirini təşkil edib.
Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
B2G forumda dövlət rəsmiləri ilə yanaşı, iş adamları, istehsalat, xidmət və logistika sahəsinə dair mütəxəssislər iştirak edib. “Caspian Energy Club Kyrgyzstan”ın sədri Rövşən Mehdiyev tədbirdə iştirak edən Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyevi, Qırğızıstanın Dövlət Gömrük Xidmətinin sədri, gömrük xidmətinin general-mayoru Samat İsabekovu, Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Telek Takebayevi “Caspian Energy Club Kyrgyzstan”ın fəxri üzvlük sertifikatı ilə təltif edib.
Tədbirdə çıxış edən Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev klubun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün səmərəli əlaqələrin qurulmasında körpü rolunu oynayacağına ümid etdiyini bildirib. Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev qarşılıqlı iqtisadiyyatın inkişafı üçün ilk növbədə nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasını vacib şərt hesab edir.
“Logistika hazırkı dövrdə vacib rol oynayır. Yüklərin qısa zamanda təhlükəsiz çatdırılması biznesdə əsas faktordur. Hazırda Azərbaycan ərazisində yalnız dəniz deyil, quru və dəmiryolu infrastrukturunun olması, xüsusilə Qarabağ ərazisində nəqliyyat infrastrukturunun qurulması, Azərbaycanın nəqliyyat-logistika sahəsinə ayırdığı sərmayə və yanaşma, Qırğızıstanın da qarşılıqlı əməkdaşlıq üçün maraq dairəsindədir. Eyni zamanda, Orta dəhliz vasitəsilə Yaxın Şərqə çıxış, KTMT, Aİ daxil və digər ölkələr üçün də maraqlıdır”, - deyə Daniyar Amangeldiyev əlavə edib.
Qırğızıstanın Dövlət Gömrük Xidmətinin sədri, gömrük xidmətinin general-mayoru Samat İsabekov qloballaşma dövründə Türkdilli ölkələr birliyi arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün bu ölkələrlə gömrük şərtlərinin və bəzi maneələrin aradan qaldırılmasını vacib hesab edir.
“2022-ci ildən biz Azərbaycanla gömrük sahəsində avtomatlaşdırma və rəqəmsallaşdırma prosesində razılığa gəlmişik. Biz qardaş xalqıq və yalnız birlikdə irəli getməliyik. Bu forumun təşkili həm Qırğızıstan-Azərbaycan, həm də digər Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün vacib şərtdir. Biz Transxəzər magistralını əhatə edəcək alternativ yolun açılmasına çalışmalıyıq. Bu bir sıra ölkələrlə tranzit potensialının artması, eyni zamanda, həm ticari, həm də gömrük orqanları arasında əlaqə deməkdir”, - deyə Qırğızıstanın Gömrük sədri Samet İsabekov bildirib.
Azərbaycan və Qırğızıstanın ümumi maraqlarını nəzərə alaraq, şərq və qərb istiqamətində yükdaşımanı təmin etmək üçün Qırğızıstan Azərbaycandan keçməklə nəqliyyat koridorunun yaradılmasında maraqlıdır. Qırğızıstan nəqliyyat və kommunikasiya nazirinin müavini Bekjan Rismandeev öz çıxışında bildirib ki, bu marşrut beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olub Avropa, Qafqaz, Asiya ölkələrini birləşdirəcək. Qırğızıstan bu layihənin inkişafını sürətləndirilməsi üçün nəqliyyat rəqəmsallaşdırma prosesi, sürücü vizalarının alınması kimi maneələrin həlli üzərində çalışır.
Tədbirdə çıxış edən “Caspian Energy Club Kyrgyzstan”ın sədr müavini Samirə Mustafayeva klub haqqında məlumat verərək fəaliyyətləri dövründə hər iki ölkə iş adamlarının aktiv ticari mübadiləsini sürətləndirmək, iqtisadi əlaqələrinin möhkəmlənməsi üçün beynəlxalq investorların bu ölkələrə cəlb olunmasını, ticari potensialın artması üçün logistika sahəsinin təkmilləşməsinə dəstək olacaqlarını qeyd edib. S.Mustafayeva 2024-cü ildə Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına ev sahibliyi edəcək ölkə kimi tanıtmaq, eləcə də “Caspian Energy Club”un fəaliyyət göstərdiyi bütün ölkələrdə COP29 mövzularına marağı artırmaq məqsədilə “Caspian Energy Club”un mütəmadi olaraq yaşıl enerjinin transformasiyası məsələlərinin həllinə dair enerji mövzularında “Caspian Energy MettUp”lar keçirəcəklərini də xüsusi qeyd edib.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. “Caspian Energy Club”un sədri və qrupun baş İcraçı direktoru Telman Əliyevdir. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. “Caspian Energy Club İnternational”ın idarəedici direktoru Günel Quliyevadır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.