Xəzər regionunun ən nüfuzlu enerji tədbiri sektorun əsas oyunçularını yenidən bir yerə toplayır31 may-3 iyun tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumunu keçiriləcək. Eyni zamanda bu tədbirə paralel olaraq 31 may-2 iyun tarixlərində 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” Sərgisi keçiriləcəkdir. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənmişdir. Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapacaq. Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Ukrayna və Yaponiyadan olan şirkətlər artıq iştirakını təsdiq etmişdir. “Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək. Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil & Gas” Sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft/qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir. “Caspian Oil & Gas” sərgisi ilə eyni tarixlərdə təşkil ediləcək digər tədbir isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” olacaq. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaqdır. Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaqdır. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaqdır. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu, qlobal enerji keçidi prosesi, Xəzər regionunun bərpa olunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpa olunan enerji mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin həyata keçirilməsi müzakirə ediləcəkdir. Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilmişdir. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq olunacaq. Bu məqsədlə, tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək, elektron vasitələrə üstünlük veriləcək və beynəlxalq “Zero Food Waste” təşəbbüsünə əsasən qidadan optimal istifadə prinsipi tətbiq olunacaq. Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi gözlənilir. "Heydər Əliyev ili" kontekstində bu sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcəkdir. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Naxçıvanda təşkil olunması planlaşdırılan tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da keçiriləcəkdir. Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər. Baş sponsoru SOCAR olan Bakı Enerji Həftəsinin sponsorları: Abu Dhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləridir. Baku Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək. Tədbirin təşkilatçısı Iteca Caspian, Caspian Event Oraganisers şirkətləri və onun beynəlxalq tərəfdaşları - CEM FZ LLC, ICA Events şirkətləridir. “Translogistica Caspian” Sərgisi 20 illik yubileyini qeyd edəcək Sevindirici haldır ki, ənənəvi olaraq ölkəmizdə keçirilən Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” bu il artıq 20-ci yubileyini qeyd edəcək. Bakı Ekspo Mərkəzində baş tutacaq sərgi çərçivəsində ilk dəfə olaraq 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” təşkil ediləcək. Azərbaycan əsrlər boyu Avropadan Asiyaya gedən mühüm ticarət yollarının üzərində yerləşib və ölkədə böyük logistika mərkəzlərinin olması həyati əhəmiyyət kəsb edir. “Translogistica Caspian” sərgisi isə artıq uzun illərdir ki, nəqliyyat sektorunun əsas istiqamətlərini diqqət mərkəzində saxlayır. Bu ilki tədbirdə aviasiya, dəmir yolları, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, yeni əməkdaşlıqlara imza atmaq, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır. Sərgidə Azərbaycan, Qazaxıstan, İsveçrə, Rumıniya, Rusiya Federasiyası və Ukraynadan olan şirkətlər öz məhsul və xidmətlərini təqdim edəcəklər. Tədbir çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan əsas nəqliyyat qovşağında mərkəzləşmiş Azərbaycan bu imkanından istifadə edərək reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə qitələri və ölkələri birləşdirir. Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu “Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaratmışdır. 2 iyun tarixində Bakı Ekso Mərkəzində keçiriləcək forumda Azərbaycanın dövlət qurumları, FIATA, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat eskpedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşacaq. Bu forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvörkinq və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradacaqdır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platforma olacaqdır. Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunacaqdır. Forumda iştirak etmək üçün https://translogistica.az/az/forum saytı vasitəsilə qeydiyyatdan keçmək mümkündür. “Translogistica Caspian” sərgisinə rəsmi dəstəyi “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərir. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Bakı Enerji Həftəsi və “Translogistica Caspian” sərgisi növbəti ildə də təşkil ediləcəkdir. 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil & Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” Sərgiləri 4-6 iyun tarixlərində, 29-cu Bakı Enerji Forumu 5-6 iyun tarixlərində keçiləcək. 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian”isə 31 may – 2 iyun tarixlərində baş tutacaqdır.

1 -dən səhifə 9
STATİSTİKA
Ölkə
50
Üzv
5000
İl ərzində tədbir
100
club@caspianenergy.net +994503145358