25.04.2023 Telman Əliyev yenidən Caspian Energy Club-un idarə heyətinin sədri seçilib

Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir.

Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir. Bu il Caspian Energy Club-ın İdarə heyətinin üzvlərinin növbəti seçkiləri mart ayının 15-də başlayıb və üç gün davam edib. Birinci turda bəzi namizədlər minimum səs toplamadığı üçün aprelin 12-də seçkilərin ikinci turu təşkil olunub. Seçicilərin ümumi sayı 297 nəfər təşkil edib. Bu barədə Caspian Energy Club qrupun baş icraçı direktorunun müşaviri Günel Quliyeva məlumat verib.

Günel Quliyevanın sözlərinə görə, iki turun səsvermə nəticələrinə əsasən Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelle Group), Ruslan Əliyev (Azəriqaz İstehsalat Birliyi), Rəşad Abasov (ASE express), Savaş Uzan (Azersun Holding), Əsəd Nəsrullayev (Debet Safety), Fərid Məmmədov (iTeca Caspian) və Fuad Allahverdiyev (AzerTelecom) daxil olublar.

İdarə Heyətinin sədri vəzifəsinə sadə səs çoxluğu ilə Telman Əliyev seçilib. Yaxın vaxtlarda İdarə Heyətinin üzvlərinin ilk iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində qurumun növbəti il üçün fəaliyyət strategiyası, eləcə də qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək. “Həmçinin, Caspian Energy Club-ın yeni İdarə heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların rəhbərləri, Caspian Energy Club-ın xarici və regional nümayəndəliklərinin yeni sədrləri seçiləcək”, - deyə Günel Quliyeva bildirib.

“Ötən il bizim üçün çox müsbət və uğurlu keçdi. Sözügedən müddət ərzində biz həm Azərbaycanın regionlarına, həm ölkə hüdudlarından kənarda bir sıra business tour-lar təşkil etdik. Bu turlar çərçivəsində sahibkarlar arasında fərdi görüşlər keçirib, dövlət və özəl sektoru təmsil edən iri, orta və kiçik biznes nümayəndələri arasında dialoq imkanı yaradmağa nail olduq. B2G formatında dialoqu da davam etdirib, sahibkarları real vaxt rejimində dövlət qurumlarının nümayəndələri ilə əlaqə saxlamaqlarını, problem və təklifləri barədə danışmaqlarını, onları maraqlandıran suallar verə bilmələrini təmin etdik.
 Keçən il olduğu kimi, bu il də biz gənclərə böyük diqqət göstərəcəyik. JOB Fest layihəsi çərçivəsində biz onlara iş axtarışlarına, CEO School layihəsi çərçivəsində onları bizneslə məşğul olmağa həvəsləndirməsinə və innovativ texnologiyalar sahəsində layihələr həyata keçirmələrinə kömək edəcəyik. Bizim üçün ötən ildə olduğu kimi effektiv və müsbət networking bu il də əsas hədəfimiz olaraq qalır. Bizim vəzifəmiz fəaliyyətimizi dünyanın qonşu ölkələrinə genişləndirərək Caspian Energy Club-ın daxilində mövcud olan ailə mühiti və müsbət ab-havanın qorunmasıdır. Ümidvaram ki, biz yeni ildə də Klubun fəaliyyətinin yüksək intensivliyini və zənginliyini qoruyub saxlaya biləcəyik”, - deyə Günel Quliyeva bildirib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.